Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, regionda yeni müharibənin olmaması üçün əlindən gələni edəcək, lakin eyni zamanda, Bakı ölkənin Silahlı Qüvvələrini möhkəmləndirməyə davam edəcək.
«Biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra (2020-ci ilin payızında - İF) demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik”, - Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında Qarabağ regionunda antiterror əməliyyatında yeni silahlı birləşmələr, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq çox önəmli rol oynamışdılar.
“Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı 1 milyard manat (cari məzənnə ilə ən azı $588 milyon - İF) investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”, - o qeyd edib.
Əliyev əlavə edib: “Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər”. **
R.Əhmədov