Azərbaycan 2023-cü ildə qaz ixracını 2022-ci illə müqayisədə 5,3% - 23,8 milyard kubmetrə qədər artırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Şahbazov “X” hesabında yazıb ki, 2023-cü ildə Azərbaycan qazının Avropaya ixracı 11,8 milyard kubmetr (Azərbaycandan bütün ixracın təqribən 50%-i) təşkil edib.
Türkiyəyə 9,5 milyard kubmetr (bütün ixracın təxminən 40%-i), Gürcüstana 2,5 milyard kubmetr (bütün ixracın 10%-dən çoxu) Azərbaycan qazı ixrac edilib. Hesabat dövründə TANAP qaz kəməri ilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql olunub.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadır. Bundan başqa, daha bir neçə Avropa ölkəsi Azərbaycan qazını almaqda maraqlı olduğunu bildirib.**
N.Abbasova