Azərbaycan cümə axşamı elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsini Ukraynaya göndərib.
25 TIR-dan ibarət yük avtomobili karvanı Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” Energetika Nazirliyinə istinadən məlumat verir.
“Humanitar yükə 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd transformator və komplekt transformator məntəqələri daxildir”, - nazirlikdən vurğulanır.
Ümumi dəyəri $7,6 milyon olan humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunub.
Bu, humanitar yardımın sayca dördüncü partiyasıdır. Birinci partiya 30 oktyabr 2023-cü ildə, ikinci partiya - 21 noyabrda və üçüncü partiya - 8 dekabrda göndərilib.
Prezident İlham Əliyev 2023-cü ilin iyul ayında Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə $7,6 milyonun manat ekvivalentində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.**
B.Rüstəmbəyov