2023-cü ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 2,6% - 13 milyard 668 milyon 241,87 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövründə aktivlərin azalması ticarət və investisiya qiymətli kağızlarının həcminin 24,8% - 2 milyard 284,852 milyon manata qədər azalması ilə əlaqədardır.
Bununla yanaşı, bankda nağd vəsaitlərin həcmi 3,5% - 4 milyard 70,869 milyon manata qədər artıb.
2023-cü ildə bankın kredit portfeli 43% - 5 milyard 48 milyon 771,91 min manata qədər, istehlak kreditləri 40,9% - 1 milyard 370 milyon 120 min manata qədər, biznes kreditləri 52,9% - 2 milyard 504 milyon 615,35 min manata qədər, daşınmaz əmlak krediti 27,6% - 1 milyard 174 milyon 36,56 min manata qədər artıb.
Bankın öhdəlikləri 11 milyard 858 milyon 24,19 min manata (azalma 4,4%) bərabərdir.
ABB-dəki depozitlərin həcmi 9 milyard 396 milyon 185,91 min manat (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 11,5%), o cümlədən əhalinin əmanətləri 2 milyard 154 milyon 193,91 min manat (artım 13%) təşkil edib.
Bankın kapitalı 1 milyard 810 milyon 217,69 min manat (artım 10,9%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225 milyon 647,82 min manata (dəyişməyib) bərabərdir.
ABB 2023-cü ili 322 milyon 269,97 min manat məbləğində xalis mənfəətlə başa vurub (2022-ci illə müqayisədə artım 26,7% - İF). 31 dekabr 2023-cü il tarixinə bankın ümumi bölüşdürülməmiş mənfəəti 376 milyon 853,59 min manat məbləğində (artım 78,4%) qiymətləndirilir.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.*
X.Nəsirzadə