Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Naxçıvan şəhərinin Baş planının konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanmasına “Chapman Taylor LLP”ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 9 milyon 15,856 min manat məbləğində müqavilə bağlanıb.
Bundan başqa, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Naxçıvan şəhərinin Baş planının hazırlanması xidmətlərinin satın alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 1 milyon 286,2 min manatdır. İşlərin yerinə yetirilmə müddəti 1 aprel 2025-ci ilə qədərdir.*
R.Kərimov