Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması çərçivəsində cari ilin yanvar ayında Azərbaycana 7 blok qatarı çatdırılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında deyilir.
“Əldə olunmuş razılaşmaya əsasən, Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həcminin artırılması istiqamətində cari ilin yanvar ayında Azərbaycana 7 blok qatarla idxal məhsulları və 2 blok qatarla tranzit yüklərinin Avropaya yola salınması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
30 dekabr 2023-cü il tarixində Çindən yola düşən blok qatarı 11 yanvar 2024-cü il tarixində Azərbaycana çatıb. Qatar cəmi 11 günə mənzilbaşına çatıb. Ümumilikdə 57 vaqondan ibarət blok qatarı vasitəsilə Çindən Azərbaycana əsasən elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.
ADY-nin məlumatına görə, 2022-ci illə müqayisədə 2023-cü ildə daşınan universal konteynerlərin (TEU) həcmi 100 min TEU-nu keçib ki, bu da 30% artım deməkdir.
ADY-nin Çin, Qazaxstan, Gürcüstan və Türkiyə dəmir yolları ilə apardığı səmərəli danışıqlar nəticəsində şəffaf qiymət siyasətinin müəyyən olunması, yüklərin çatdırılma müddətinin optimallaşdırılması və yüklərin dəhliz üzrə naviqasiya sistemində izlənilməsi kimi məsələlərdə bir sıra irəliləyişlər əldə olunub.
ADY Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması və yeni yüklərin cəlbi istiqamətində 2023-cü ildə “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC ilə paritet əsasda “Middle Corridor Multimodal Ltd.” adlı birgə müəssisəni yaradıb.
Birgə müəssisə “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin–Avropa/Türkiyə–Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə geniş imkan yaradacaq.*
N.Abbasova