Rusiya Xarici İşlər Nazirliyi erməni siyasətçilərin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlı iddialarını əsassız və destruktiv hesab edir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
“Biz bu bəyanatları eşidirik, onları destruktiv və ən əsası həqiqətə uyğun olmayan hesab edirik. Onların davam etməsi qəribədir. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiyanın mövqeyini Ermənistan tərəfinə çatdırmışıq və bunun ikitərəfli münasibətlərə ancaq yeni problemlər gətirdiyini, ikitərəfli gündəliyin möhkəmlənməsinə və regional problemlərin həllinə töhfə vermədiyini söyləmişik. Lakin təəssüflər olsun ki, görünür, bu, orada sanki kiməsə sərf edir. Artıq bilmirəm, bu, Ermənistanda, ya xaricdə kiməsə sərf edir. Hesab edirik ki, bu, məsuliyyəti öz üzərindən atmaq üçün faktları qəsdən təhrif etmək cəhdidir. Bunu başqa cür qiymətləndirə bilmirəm”,- deyə o qeyd edib.
Ermənistan tərəfinin Qarabağda “etnik təmizləmə”nin aparılması ilə bağlı bəyanatlarına toxunan Zaxarova bildirib ki, İrəvan müvafiq sübutlar təqdim etməlidir.
“Əgər hansısa fakt, İrəvanda mötəbər hesab olunan hər hansı beynəlxalq təşkilatın hansısa sənədi varsa, təqdim olunmasını istərdik. Məsələn, BMT və ya hər hansı başqa təşkilatın. Belə bir “etnik təmizləmə”nin baş verdiyini sübut edən hansısa sənəd, yaxud hansısa bəyanat varsa, zəhmət olmasa, bizə bu sənədə istinad təqdim edin”, - deyə RF XİN sözçüsü bildirib.*
N.Abbasova