İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ildə müxtəlif vergi cinayətləri faktları üzrə 44,4 milyon manat (2022-ci ildə 44,3 milyon manat) məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsini təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
Dövlət Vergi Xidməti tərəfindən 2023-cü il ərzində vergilərin dövlət büdcəsindən yayındırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi faktları üzrə 643 cinayət işi (2022-ci ildə 527) başlanılıb.
158 cinayət işi (2022-ci ildə 162) üzrə ibtidai istintaq tamamlanıb, 70 cinayət işi məhkəməyə göndərilib.
İstintaqı tamamlanmış 37 iş (2022-ci ildə 81) üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə ödənilmiş məbləğ 22 milyon manatdan çox (2022-ci ildə 17,1 milyon manat) olub.
Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 6 milyon manat vəsait ödətdirilib.*
X.Nəsirzadə