2023-cü ilin IV rübündə maliyyə axınlarının həcmi 43 milyard 321,4 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin oktyabr-dekabr aylarının göstəricisindən 12,4% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) saytında dərc olunmuş 2023-cü ilin IV rübü üzrə Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabatda deyilir.
Maliyyə axınlarının göstəriciləri 2023-cü ilin IV rübündə iqtisadi aktivliyin artım tendensiyasının saxlanıldığını göstərir, bununla belə, bu templər 2018-2022-ci illərlə müqayisədə yüksəkdir.
AMB-nin məlumatına görə, 2023-cü ilin I rübündə maliyyə axınları 19 milyard 247,4 milyon manat, II rübdə 29 milyard 187,7 milyon manat, III rübdə 36 milyard 924 milyon manat təşkil edib. Beləliklə, IV rübdə maliyyə axınlarının həcmi üzrə ən yüksək göstərici qeydə alınıb.
Təhlilə əsasən, 2023-cü ilin IV rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32,9%), topdan və pərakəndə ticarət (13,6%) və tikinti (9,9%) olub.
Oktyabr-dekabr aylarında ödəniş daxilolmaları üzrə ən çox artım nəqliyyat və anbar təsərrüfatı (2 milyard 989,1 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə artım 146% və ya 1 milyard 774 milyon manat), elektrik enerjisi, qaz və buxar təchizatı (1 milyard 220,2 milyon manat, artım 77% və ya 529,1 milyon manat) və inzibati və yardımçı xidmətlər (465,8 milyon manat, artım 40% və ya 132,3 milyon manat) sahələrində olub.
Sahələrarası maliyyə axınlarının dinamikasına gəlincə, AMB qeyd edir ki, 2023-cü ilin IV rübündə dövlət idarəetməsi və müdafiə sahəsi üzrə daxilolmalar 14 milyard 260,4 milyon manat (+16%), tikinti sektoru üzrə 4 milyard 276,3 milyon manat (azalma 29%), topdan və pərakəndə ticarət sektoru üzrə 5 milyard 905,8 milyon manat (artım 0,1%), emal sənayesi üzrə 3 milyard 488,5 milyon manat (+10%), mədənçıxarma sənayesi üzrə 2 milyard 289,3 milyon manat (+6%) təşkil edib.
Bütövlükdə, 2023-cü ilin III rübü ilə müqayisədə IV rübdə iki iqtisadi fəaliyyət sahəsində (tikinti və daşınmaz əmlakla əlaqədar əməliyyatlar) azalma dinamikası müşahidə edilib.*
X.Nəsirzadə