ABŞ-ın cümə gününə keçən gecə husilərin hərbi hədəflərinə endirdiyi zərbələr onların raket və dronlar vasitəsilə hücum imkanlarını cəmi 20-30% azaldıb. Bu barədə “The New York Times” nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Əməliyyat nəticəsində nəzərdə tutulan hədəflərin 90%-ə qədəri məhv edilib. Lakin husilər Qırmızı dənizdəki gəmilərə hücum imkanlarının təxminən dörddə üçünü qoruyub.
Amerikalı rəsmilər bildiriblər ki, hücum sistemlərinin böyük hissəsi asanlıqla köçürülə və ya gizlədilə bilən mobil platformalarda quraşdırılır.
Cümə gününə keçən gecə ABŞ 150-dən çox yüksək dəqiqlikli hərbi sursatdan istifadə etməklə Yəmənin 28 məntəqəsində husilərin hədəflərinə zərbələr endirib.*