Azərbaycana yağan güclü qar Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərməyib, hava limanı ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir. Bu barədə aeroportun mətbuat xidmətindən məlumat verilib.
“Kompleks hazırlıq işləri çərçivəsində Bakı aeroportu çətin hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırdır. Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır”, - deyə məlumatda bildirilir.
Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir.
“Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilir.*
V.Əliyev