2023-cü ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabr ayında qeydə alınmış 0,2% səviyyəsində deflyasiyaya qarşı 0,5% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Dekabrda respublikada inflyasiya 0,5% təşkil edib. Ərzaq məhsulları, içkilərin qiymətləri 1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin dekabr ayı ilə müqayisədə 2023-ci ilin dekabr ayında inflyasiya 2,1% təşkil edib. Dekabr ayında ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 0,8%, qeyri-ərzaq malları – 2,7%, xidmətlər – 3,7% bahalaşıb.
Statistik məlumatlara görə, dekabrda ət və ət məhsulları 0,5%, çörək və çörək məmulatları, yarmalar - 0,4%, kərə və bitki yağı – 0,5%, çay, kofe, kakao – 0,1% bahalaşıb.
Dekabrda tütün məmulatları, alkoqollu içkilər və qənd, cem, bal, çokolad və konfetlərin qiymətində sıfır inflyasiya qeydə alınıb.
Hesabat ayında yumurta – 2,7%, süd və süd məhsulları – 0,1%, mineral və sərinləşdirici içkilər, şirələr – 0,2%, balıq və balıq məhsulları – 1%, meyvə - 3,4%, tərəvəz – 5,7% bahalaşıb.
Statistik məlumatlara əsasən, 2023-cü ilin sonuna orta illik inflyasiya 2022-ci ilin sonuna 13,9%-ə qarşı 8,9%-dək azalıb. Həmçinin, ərzaq mallarına qiymətlərin orta illik artımı 9,6%, qeyri-ərzaq mallarına – 8,4%, xidmətlərə - 8,2% təşkil edib. **
A.Əzizov