Bazar ertəsi Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında mebel sexdə partlayış nəticəsində 24 nəfər xəsarət alıb. Bu barədə TƏBİB-dən məlumat verilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Son məlumata əsasən, partlayış nəticəsində 24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, FHN-nin məlumatına əsasən, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Həmçinin, FHN-də dağıntılar altında qalanların olması ehtimal olunur. **
N.Abbasova