Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfiri İssam bin Saleh əl-Cuteyli arasında keçirilən görüşdə müzakirə olunub.
DTA məlumat verir ki, Nağıyev 2024-cü il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib.
Öz növbəsində, səfir Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb.
“Görüş çərçivəsində Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında fikir mübadiləsi aparılıb”, - DTA-dan vurğulanıb.
Həmçinin, bazar ertəsi Nağıyev İordaniya Haşimilər Krallığının Bakıdakı səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib. Qəbulda ölkələr arasında qarşılıqlı təbliğat tədbirlərinin həyata keçirilməsi və birbaşa aviareyslərin açılması məsələləri müzakirə edilib.
Bundan başqa, Nağıyev Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmonla görüşüb. Görüşdə iki ölkə arasında mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb. Turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub. **
B.Rüstəmbəyov