Səhiyyə Nazirliyi yanvarın 16-da “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatını keçirib. Bu barədə nazirlikdən məlumat verilib.
Səhiyyə naziri Teymur Musayev bildirib ki, bu gün Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Elektron resept” sisteminin və mobil tətbiqin, eləcə də “Təqib və izləmə sistemi”nin təqdimatı keçirilir.
Onun sözlərinə görə, hər iki informasiya sistemi əczaçılıq sektorunun rəqəmsallaşdırılması tədbirləri çərçivəsində “Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu”na edilən əlavə və dəyişikliklərə uyğun olaraq hazırlanıb.
“Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə nazir əlavə edib.
Öz növbəsində, səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək, onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək. Bu isə, öz növbəsində, tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda, məlumatlara maneəsiz çıxışın təmin edilməsidir.
“Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq. Bu, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin tədbiqi, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq”, - deyə səhiyyə nazirinin müşaviri vurğulayıb.
“Elektron resept” sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda, E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir.*
R.Kərimov