Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 66,619 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 2% azalıb, qeyri neft-qaz sektorunda isə 8% artıb.
Sənaye məhsulunun 67,4%-i mədənçıxarma sektorunda, 27,1%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 65,6%, maşın və avadanlıqların istehsalı 77,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1%, tikinti materiallarının istehsalı 31,8%, hazır metal məmulatlarının istehsalı 30,1%, içkilərin istehsalı 23%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,5%, elektrik avadanlıqlarının istehsalı 16,2%, kağız və karton istehsalı 12,3%, tütün məmulatlarının istehsalı 12,8%, mebel istehsalı 10,5%, qida məhsullarının istehsalı 9,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 8,8%, neft məhsullarının istehsalı 7,3%, kimya sənayesi məhsullarının istehsalı 6,9%, poliqrafiya məhsullarının istehsalı 6,1% artıb.
Kompüter, elektron və optik məhsulların istehsalı 11,9%, əczaçılıq məhsullarının istehsalı 9,1%, sair nəqliyyat vasitələrinin istehsalı 4,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2%, geyim istehsalı 15,2%, sair sənaye məhsullarının istehsalı 12,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,5% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.**
B.Rüstəmbəyov