2023-cü ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 21 milyard 800,1 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 4,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü il ərzində magistral qaz kəmərləri ilə nəql edilən qazın 54,8%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 39 milyard 806,9 milyon kubmetr qaz (artım 1,4%) nəql edilib.
Azərbaycan “Şahdəniz” yatağından hasil edilən qazın Gürcüstan, Türkiyə və Avropanın 6 ölkəsinə (İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya) ixracına dair müqavilələr bağlayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), TPAO (19%) və NICO (10%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova