İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda Dünya İqtisadi Forumunda bəyan edib ki, İran İraq və Pakistanın suverenliyinə hörmətlə yanaşır, lakin hesab edir ki, onların ərazisindəki hədəflərə zərbələr regional təhlükəsizlik maraqlarına uyğun gəlirdi.
"Biz Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik. İraqda olduğu kimi. (...) Etdiklərimiz əslində Pakistanın, İraqın və bütün bölgənin təhlükəsizliyinə uyğun idi", - Əmir Abdullahiyan vurğulayıb.
O qeyd edib ki, İran Pakistan ərazisində «Ceyş əl-Ədl»in üzvü olan «sırf terrorçulara» hücum edib.
Bundan əlavə, İran XİN başçısı bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İraqın Ərbil şəhərinə zərbə endirilməsinin hədəfi İsrailin «Mossad» kəşfiyyat xidmətinin obyektləri olub.
"İraq Kürdistanında “Mossad” bazasına yüksək dəqiqlikli raketlərlə zərbə endirdik. (...) İraq Kürdistanında hədəf olan yer haqqında təhlükəsizlik qüvvələrimizdən kəşfiyyat məlumatları əldə etdik. Kəşfiyyat məlumatları şübhəsizdir", - nazir əlavə edib. **