Çərşənbə günü Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat veriblər ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayış yerində axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
“Dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq axtarış-xilasetmə işləri yekunlaşdırılıb”, - qurumların birgə məlumatında deyilir.
FHN və Baş Prokurorluq hadisə nəticəsində ölən 9 nəfərin adını açıqlayıb.
Xəbər verildiyi kimi, bazar ertəsi Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. **
İnformasiya şöbəsi