Transxəzər qaz kəməri layihəsinin perspektivləri siyasi yolla həll edilə bilməz, bunun üçün kommersiya marağı və satış bazarları lazımdır. Bunu Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas (Margaritis Schinas) Türkmənistana səfərinin yekunlarına həsr olunmuş brifinqdə deyib.
“İqtisadi layihələr siyasətçilər tərəfindən həll edilmir. Belə layihələr strateji maraqdır, eyni zamanda, kommersiya marağı və satış bazarları da olmalıdır”, - deyə o, Transxəzər qaz kəmərinin perspektivləri barədə sualı cavablandırarkən bildirib.
Ötən həftə ABŞ-ın Türkmənistandakı səfiri Metyu Klimou Avropanın da maraq göstərəcəyi təqdirdə Transxəzər qaz kəmərinin tikintisi ideyasını müsbət qiymətləndirib. “Hesab edirəm ki, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi də çox ağıllı ideyadır. Bu, mühəndislik nöqteyi-nəzərindən də böyük problem deyil. Belə bir layihəni həyata keçirmək üçün siyasi və iqtisadi hesablamalar aparılmalı və Xəzər regionu ölkələrinin və Avropanın marağı olmalıdır”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik Transxəzər qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev maliyyə mənbələri aydınlaşana qədər layihənin həyata keçirilmə ehtimalının az olduğunu bildirib. Daha əvvəl o vurğulamışdı ki, qaz kəməri Azərbaycanın layihəsi deyil, o, yalnız tranzit ölkə rolunu oynayır.
Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olub. Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər (bu halda Azərbaycan və Türkmənistan) arasında razılaşdırılır.*