Dünyanın aparıcı hotellər qrupu olan “Accor” Azərbaycanda ilk “Mercure” brendli hotelinin açılışını elan edib.
“Accor”dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, “Mercure Baku City” hoteli şəhərin əsas görməli yerlərinin, o cümlədən İçərişəhərin yaxınlığında, İsmayıl-bəy Qutqaşınlı küçəsində yerləşir.
“Bakıda “Mercure”nin açılması ilə “Accor” Azərbaycanda mövcudluğunu gücləndirir və il boyu keyfiyyətli istirahət və işgüzar səfərlər üçün böyük potensiala malik məşhur turizm istiqaməti olan Cənubi Qafqazda portfelini genişləndirmək niyyətini təsdiqləyir. Əminəm ki, orijinallığı, yüksək xidmət standartları və əlverişli yerləşməsi sayəsində yeni hotel bazarda lider mövqe tutacaq və rahat yaşayışa və yerli koloritlə tanışlığa üstünlük verən yerli sakinlər və səyahətçilər tərəfindən yüksək qiymət alacaq”, - deyə “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff bildirib.
Yeni hotel lüks, bitişik otaqlar və sağlamlıq imkanları məhdud olan insanlar üçün otaqlar da daxil olmaqla müxtəlif kateqoriyalı 140 otaq təklif edir.
“Mercure Baku City” “Accor” qrupunun Azərbaycandakı portfelində üçüncü hotelidir. “Mercure” ALL - Accor Live Limitless loyallıq proqramında iştirak edən brenddir.
“Mercure” brendi 110-dan çox ölkədə 5500-dən çox hoteli fəaliyyət göstərən aparıcı qlobal hotellər qrupu olan “Accor”un bir hissəsidir.
“Mercure” brendi altında dünyanın 60-dan ölkəsində 940-dan çox hotel fəaliyyət göstərir.*
R.Əhmədov