Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
“Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında çox maraqlı olduğunu deyən səfir Syerra-Leonenin eboladan əziyyət çəkən zaman Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib.
“Alie Badara Kamara Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırdığını bildirib, əlaqələrin genişləndirilməsi məqsədilə yeni istiqamətlərin və yolların müəyyənləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında təmasların artırılmasının vacibliyinə toxunub. O bildirib ki, Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiliyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. “Müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlət başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyev Syerra-Leone Prezidentini bu il Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.
Görüşdə iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan kapitalının inkişafı, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxşı idarəçilik sahəsində təcrübə mübadiləsi, bu xüsusda “ASAN xidmət” təcrübəsi qeyd edilib, Bakının bu sahədə təcrübəsini bölüşməyə hazır olduğu bildirilib.*
X.Nəsirzadə