Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyeni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Görüşdə səfir qeyd edib ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.
“Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib”, - deyə məlumatda bildirilir.
İkitərəfli əməkdaşlığa toxunan Prezident İlham Əliyev siyasi əlaqələrin daha da inkişaf etdirilməsi və iqtisadi-ticari sahədə imkanların araşdırılmasının zəruriliyini vurğulayıb.
Dövlət başçısı səfirin Azərbaycanda keçirəcəyi rəsmi görüşlərin və onun fəaliyyətinin əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd edilib, siyasi, iqtisadi, ticari, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
“Səfir Seneqalda da neft aşkarlandığını bildirərək ölkəsinin neft hasil edən dövlətlər sırasına qoşulduğunu və bu xüsusda Azərbaycanın təcrübəsinin Seneqal üçün çox maraqlı olduğunu vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Dövlət başçısı Azərbaycanın neft və enerji sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrində Seneqaldan olan tələbələrin təhsil almaları imkanlarını da qeyd edib.
Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini deyən Azərbaycan Prezidenti Seneqalın dövlət başçısını bu tədbirə dəvət edib.*
X.Nəsirzadə