2023-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $4 milyard 358 milyon 740,17 min təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 17,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,52%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $1 milyard 196 milyon 411,31 min dəyərində məhsul (artım 22,7%) ixrac edilib. Azərbaycandan ixracın 3,53%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 6-cı yerdədir).
Rusiyadan Azərbaycana $3 milyard 162 milyon 328,86 min dəyərində (artım 15,6%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 18,29% Rusiyadan idxalın payına düşüb (RF Azərbaycana bir nömrəli məhsul idxalçısıdır).
Beləliklə, 2023-cü ildə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 965 milyon 917,55 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.*
B.Rüstəmbəyov