Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara 4,1 milyon manat (cari məzənnə ilə $2,41 milyon) ümumi məbləğdə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Cümə günü dövlət başçısının saytında dərc olunmuş sərəncama əasən, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) 2 milyon manat ($1,17 milyon) ayrılacaq.
Bundan başqa, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına hər birinə 350 min manat ($205,9 min) ayrılacaq.
Habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılır.
Vəsait dini konfessiyaların fəaliyyətini dəstəkləmək və onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
B.Rüstəmbəyov