Avropa İttifaqı (Aİ) Şurası bu gün Brüsseldə xarici işlər nazirləri səviyyəsində gündəliyi müzakirə etmək üçün toplaşacaqlar. Gündəliyin əsas məsələləri Ukraynadakı hadisələr və İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatıdır.
Ukrayna məsələsinin müzakirəsi bu ölkənin xarici işlər naziri Dmitri Kuleba ilə videobağlantı vasitəsilə fikir mübadiləsindən sonra başlayacaq.
Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar Aİ nazirləri İsrailin xarici işlər naziri İsrael Kats, Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Feysəl bin Fərhan Əl Səud, İordaniya XİN başçısı Ayman Safadi, Misir XİN başçısı Sameh Şükrü, həmçinin Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə qeyri-rəsmi görüşlər keçirəcəklər.
Daha sonra Aİ-nin 27 dövləti formatında rəsmi müzakirələr aparılacaq. Nazirlər mümkün sülh planını və sülh konfransını, həmçinin Fələstin Muxtariyyətinə davamlı dəstək də daxil olmaqla, iki dövlətin yaradılması üçün konkret addımların atılmasının vacibliyini müzakirə edəcəklər.
Cari beynəlxalq hadisələrə dair fikir mübadiləsi zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin vəziyyətinə dair Borrelin məruzəsi dinləniləcək.*