2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 303,437 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 9,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $72 milyon 525,8 min (azalma 63,5%) təşkil edib.
Bundan başqa, yanvar-noyabr aylarında Azərbaycana $67 milyon 114,8 min dəyərində (azalma 16,4%) 130,029 min ton mineral gübrə (artım 34,7%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.*
B.Rüstəmbəyov