Azərbaycan 2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqına (Aİ) neft ixrac edən ölkələrin TOP-10-luğuna daxil olub.
“İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir ki, Azərbaycan Aİ-yə daxil olmayan ölkələr arasında enerji daşıyıcılarının ixrac həcminə görə 10-cu pillədə qərarlaşıb.
2023-cü ilin 11 ayı ərzində Avropa İttifaqına daxil olmayan ölkələr arasında Aİ-yə neft tədarükçülərinin TOP-10-luğuna ABŞ (37,7 milyard avro dəyərində 59,8 milyon ton), Norveç (33,2 milyard avro dəyərində 49,5 milyon ton), Qazaxıstan (23,6 milyard avro dəyərində 40,5 milyon ton), Səudiyyə Ərəbistanı (19,1 milyard avro dəyərində 33 milyon ton), İraq (17 milyard avro dəyərində 32,4 milyon ton), Liviya (18,8 milyard avro dəyərində 31,5 milyon ton), Nigeriya (16,6 milyard avro dəyərində 27 milyon ton), Böyük Britaniya (13,8 milyard avro dəyərində 22,4 milyon ton), Rusiya (8 milyard avro dəyərində 18,675 milyon ton) və Azərbaycan (11,4 milyard avro dəyərində 18,674 milyon ton) daxil olub.
Avrostatın məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Aİ ölkələri Azərbaycandan neft idxalını 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8% - 18,7 milyon tona qədər artırıb, idxalın dəyəri 11,4 milyard avro (azalma 17,3%) təşkil edib.
2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,1 milyard avro dəyərində (2021-ci illə müqayisədə artım 66,7%) 19,8 milyon tona yaxın neft (azalma 1%) idxal edib.*
R.Kərimov