Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos)” telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manat gəlir (cari məzənnə ilə $323,5 milyon) əldə edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
2013-cü ildə Azərbaycanın ilk peyki – “Azerspace-1” telekommunikasiya peyki, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.
Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri istismardadır.
Məlumata görə, 2023-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in istehsalı üzrə $116.6 milyon və orbitə qaldırılma xidmətləri üzrə $89.6 milyon məbləğində (ümumilikdə $206.2 milyon) kredit öhdəlikləri tam ödənilərək yekunlaşıb.
“Azərkosmos” telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanıb.
2024-cü ilin əvvəlində isə Azərbaycan kosmik sahədə daha bir uğur əldə edib. “Azerspace-1” telekommunikasiya peykinin olduğu 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonları artıq Azərbaycana məxsusdur.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
B.Rüstəmbəyov