Yalnız Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə etibarlı sülhə nail olmağa imkan verəcək. Bunu Avropa İttifaqının (Aİ) bəzi ölkələrinin xarici işlər nazirləri bazar ertəsi bəyan ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu ötən cümə axşamı ümummilli mətbuat konfransında bildirmişdi ki, Qəzza zolağında hərbi əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaradılmasını mümkün hesab etmir.
“Benyamin Netanyahunun bəyanatları narahatlıq doğurur. Hamı üçün təhlükəsizlik zəmanətinin verildiyi Fələstin dövlətinin yaradılması vacibdir”, - deyə Fransanın xarici işlər naziri Stefan Sejurne Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından əvvəl bildirib.
“Biz dərhal atəşkəsin elan edilməsini, girovların azadlığa buraxılmasını, beynəlxalq hüquqa hörmət edilməsini və dinc yanaşı yaşayan iki dövlətin yaranması ilə nəticələnəcək sülh prosesinə qayıtmağı tələb edirik”, - deyə Belçika XİN başçısı Aca Ləbib qeyd edib.
Öz növbəsində, Aİ diplomatiyasının rəhbəri Jozep Borrel HƏMAS qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu pisləyib və İsrail tərəfindən Qəzza probleminin hərbi yolla həllinin perspektivlərinin olmadığını vurğulayıb. “Sülh və sabitlik yalnız hərbi metodlarla qurula bilməz”, - deyə o bildirib.*