31 dekabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 49 milyard 178,19 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, 2023-cü ildə bankların aktivləri 4,5% artıb.
Dekabr ayında bankların aktivləri 3 milyard 5,7 milyon manat artıb (noyabrda artım 25,9 milyon manat).
Ötən il bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 1% - 6 milyard 390,29 milyon manata qədər artıb.
Dekarın sonuna bankların kredit portfeli 23 milyard 182,95 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,3% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 6 milyard 63,35 milyon manat (artım 7,8% - İF) təşkil edir.
Bankların öhdəlikləri 43 milyard 114,8 milyon manata (artım 4,1%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 47,1 milyon manat məbləğində (azalma 4,6 dəfə) qiymətləndirilir. Banklarda depozit portfeli 34 milyard 550,08 milyon manat (artım 2,3%), o cümlədən əhalinin əmanətləri 12 milyard 582,16 milyon manat (artım 9,6%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ildə bankların ümumi xalis mənfəəti 1 milyard 76,4 milyon manat təşkil edib (2022-ci illə müqayisədə artım 17,7% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 492,89 milyon manat (artım 27,5%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 573,76 milyon manat (artım 17,3%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 368,2 milyon manat məbləğində (artım 12,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 839,36 milyon manat (artım 27,6%), o cümlədən depozitlər üzrə 595,96 milyon manat (artım 29,8%), qeyri-faiz xərcləri 2 milyard 335,69 milyon manat (artım 23,9%) təşkil edib.
2023-cü ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 641,2 milyon manat (artım 19,7%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 384,59 milyon manat (artım 17.7%), mənfəət vergisi üzrə ödənişlər 308,17 milyon manat (artım 17,8%) məbləğində qiymətləndirilir.
31 dekabr 2023-cü il tarixinə respublikada 23 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 475 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 2,5%) və 96 şöbəsi (2022-ci ilin sonuna 91) var. Filialların sayının azalması oktyabrda “Muğanbank” ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsi ilə şərtlənir.
Bank sektorunda 23,569 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,52% - İF) çalışıb. Həmçinin, dekabrda bank sektorunda işləyənlərin sayı 215 nəfər (noyabrda oktyabr ayı ilə müqayisədə artım 62 nəfər - İF) artıb. **
X.Nəsirzadə