2023-cü ildə əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,3% - 12 milyard 947,75 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrda əhalinin banklardakı əmanətləri 422,9 milyon manat artıb (noyabrda azalma 39,2 milyon manat olub – İF).
2023-cü ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 21,1% - 8 milyard 646,08 milyon manatadək (bütün əmanətlərin 66,8%-i) artıb. Dekabr ayında milli valyutada əmanətlərin həcmi 410,9 milyon manat artıb.
Əhalinin xarici valyutada bank əmanətləri 6,6% - 4 milyard 301.66 milyon manatadək və ya bütün əmanətlərin 33,2%-i səviyyəsində azalıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Dekabrda əhalinin xarici valyutada bank əmanətləri 12 milyon manat artıb.
2023-cü ildə rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 705,42 milyon manat (artım 10,8%), qeyri-rezidentlərin əmanətlərinin həcmi 1 milyard 242,3 milyon manat (artım 5,8%) təşkil edir.
2023-cü il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 36 milyard 965,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2% çoxdur. **
X.Nəsirzadə