İtaliya 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan neft idxalına çəkdiyi xərci 2022-ci ilin eyni dövrünə nisbətən 1% - təxminən $6,7 milyarda qədər azaldıb.
Neft bazarındakı mənbələrdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə İtaliya $4,5 milyarda yaxın məbləğdə “Azeri Light” (artım 1,6%) və $2,2 milyarda yaxın məbləğdə “Azeri Blend” markalı neft (azalma 5%) idxal edib.
2023-cü ilin noyabr ayında İtaliya Azərbaycandan təxminən $365,4 milyon məbləğində neft (artım 16%) – təqribən $115,4 milyon məbləğində “Azeri Light” (azalma 2,1 dəfə) və $250 milyona yaxın məbləğdə “Azeri Blend” markalı neft (artım 3,6 dəfə) idxal edib.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-noyabr aylarının yekunları üzrə Azərbaycan İtaliyaya neftin ən iri tədarükçüsü olaraq qalıb. Ötən ilin 11 ayı ərzində Azərbaycan İtaliyaya 10,2 milyon tona yaxın neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünə nisbətən 24,4% çoxdur.
Hesabat dövründə İtaliya “Azeri Light” markalı neftin idxalını 24,5% - 6,8 milyon tona qədər, “Azeri Blend” markalı neftin idxalını isə 24,2% - 3,4 milyon tona qədər artırıb.
2023-cü ilin yanvar-noyabr aylarında İtaliya “Azeri Light” markalı neftin bir barelini $89,23-ə (azalma 17,9%), “Azeri Blend” markalı neftin bir barelini $87,12-yə (azalma 23,5%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı neft növlərinin bir barelini isə müvafiq olaraq $82,59 və $85,1-ə alıb.
Yanvar-noyabr aylarında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85,75 (azalma 15,4%) təşkil edib. Ən bahalı neft növü “Qua Iboe” (N.LIGHT. BBQ) ($105,17), ən ucuz neft növü isə “Bravo” nefti ($70,29) olub.*
R.Kərimov