2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2 milyon 85,8 min və ya 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 30%-i Rusiya Federasiyası, 18,1%-i Türkiyə, 7,9%-i İran, 5,6%-i Hindistan, 5%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,8%-i Qazaxıstan, 2,6%-i Pakistan, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Özbəkistan, 1,5%-i Ukrayna, hər birindən 1,4% olmaqla Küveyt və İsrail, 1,3%-i Belarus, 1,2%-i Türkmənistan, 1,1%-i Çin, 1%-i Böyük Britaniya, 11,1%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 70,3%-ni kişilər, 29,7%-ni qadınlar təşkil edib.
2022-ci illə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 44,6% artaraq 824,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,6% artaraq 104,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,1% azalaraq 350,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4%-i hava, 27,3%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5% artaraq 1868,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8%, Türkiyəyə gedənlərin sayı 24,3% artıb, İrana gedənlərin sayı 27,7% azalıb. Ölkə vətəndaşlarının 43,6%-i Türkiyəyə, 21,5%-i Rusiya Federasiyasına, 9%-i Gürcüstana, 7,6%-i İrana, 18,3%-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9%-ni kişilər, 35,1%-ni qadınlar təşkil edib.
2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5%-i hava, 30%-i dəmir yolu və avtomobil, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
X.Nəsirzadə