2023-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 2,8 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 1,9 dəfə çoxdur. Bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev məlumat verib.
“2023-cü ildə TBNM ilə yük daşımaları 2022-ci illə müqayisədə 86% artaraq 2,8 milyon ton təşkil edib. Bu gün marşrut rəqabətli çatdırılma müddəti (orta hesabla 12 gün) təklif edir. Biz ortamüddətli perspektivdə dəhliz vasitəsilə yük daşımalarının həcmini 10 milyon tona çatdırmaqda maraqlıyıq”, - deyə Koyşibayev bildirib.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Astanada Qazaxıstanın iri ixracatçıları və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinin iştirakı ilə beynəlxalq dəyirmi masa keçirilib. Tədbirdə TBNM-in üstünlükləri və imkanları müzakirə edilib.
Dünya Bankının proqnozlarına görə, 2030-cu ilədək TBNM vasitəsilə yük daşımalarının həcmi 2021-ci ilin göstəricisinə nisbətən üç dəfə artaraq 11 milyon tona çata bilər. 2030-cu ilə qədər konteyner yük daşımalarının həcminin 4,074 milyon tona (2021-ci ildə ümumi yük axınının 22,7%-nə qarşı 35,8%) çatacağı gözlənilir ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. Neft və neft məhsullarının daşınma həcmi 3,553 milyon ton (2021-ci il üzrə 30%-ə qarşı 31,2%) təşkil edəcək, bu isə 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.*