2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 5,3% - 283 tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, ixrac dəyər ifadəsində 30,7% - 19,2 milyon avroya qədər artıb.
11 ayın yekunları üzrə Azərbaycan bazarına ətir və tualet suyunun ixrac dəyərinə görə Almaniya lider olub (8,9 milyon avro, artım 36,2%). Yanvar-noyabr aylarında ətir və tualet suyu ixracatçılarının ilk üçlüyünə (dəyər ifadəsində) Fransa (4,9 milyon avro, artım 1,6 dəfə) və İtaliya (2,8 milyon avro, artım 1,5 dəfə) da daxil olub.
2023-cü ilin noyabr ayında Aİ ölkələrindən Azərbaycana ətir və tualet suyunun ixracı illik müqayisədə 12,8% - 43 tona qədər azalıb, dəyər ifadəsində isə 28,9% - 2,9 milyon avroya qədər artıb. Hesabat dövründə Almaniya ətir və tualet suyunun ixrac dəyərinə görə lider olub (təxminən 1 milyon avro, artım 1,5 dəfə).
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 2021-ci illə müqayisədə 2% - 304 tona qədər artırıb. İxrac dəyər ifadəsində 1,6 dəfə - 17,1 milyon avroya qədər artıb.*
R.Kərimov