“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev “V.Ships” şirkətinin baş əməliyyat direktoru Allan Falkenbergin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi ASCO-ya istinadən xəbər verir ki, görüşdə tərəflər arasında həyata keçiriləcək müxtəlif istiqamətlər üzrə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, əsas layihələrdən biri üzən heyətin inkişafını nəzərdə tutur. Bu proqram çərçivəsində yeni gəmi seqmentinə daxil olan ASCO üçün yerli peşəkar kadrların yetişdirilməsi planlaşdırılır. Proqrama uyğun olaraq ASCO-nun gəmilərində çalışan sıravi heyət üzvləri, eləcə də ASCO-nun təhsil müəssisələrində oxuyan istedadlı tələbələr 3-6 ay ərzində “V.Ships”in idarə etdiyi gəmilərdə təcrübə keçəcəklər. Proqramı uğurla başa vuranlar imtahan olunaraq ASCO-nun yeni tip gəmilərində işlə təmin ediləcəklər.
“V.Ships” beynəlxalq tələblərə uyğun hazırlanan imtahan əsasında ASCO gəmilərində çalışan komandir heyəti üzvlərinin həm nəzəri, həm də praktiki bilik və bacarıqlarının qiymətləndirilməsini də həyata keçirəcək. İmtahandan aşağı nəticə göstərənlər isə xüsusi təkmilləşdirmə proqramına cəlb olunacaqlar.
Tərəflər arasında kadr tələbatının təmin olunması məsələsi də müzakirə olunub. Yerli kadrlar kifayət etmədiyi halda ASCO-nun Qara və Aralıq dənizi hövzəsində fəaliyyət göstərən tanker və quru yük gəmilərinə “V.Ships” müvafiq dəstək göstərəcək.
Bundan başqa, ASCO-da tətbiq olunan əmək haqqı sisteminin qiymətləndirilməsi və beynəlxalq bazarlarda tətbiq olunan əmək haqqı sistemləri ilə müqayisəsi də aparılacaq. Nəticələrə uyğun müvafiq hesabat və təkliflər hazırlanacaq.
Həmçinin üzən heyətin idarə olunması sisteminin qiymətləndirilməsi də həyata keçiriləcək. Bu, beynəlxalq miqyasda fəaliyyət göstərən ASCO-ya gələcəkdə heyətin idarə edilməsi istiqamətində daha mütərəqqi metodların tətbiqinə imkan verəcək.
Bütün bunlarla bərabər, ASCO-ya məxsus gəmilərin birində “V.Ships”in “ShipSure” rəqəmsal platforması pilot layihə olaraq tətbiq ediləcək. 6-9 aylıq layihənin əsas məqsədi planlı təmir, gəmi maliyyəsi, heyətin idarə edilməsi, satınalma üzrə sistem və proseslərin, SƏTƏM, gəmi əməliyyatları, sənədlərin idarə edilməsi kimi modulların istifadəsini təkmilləşdirməkdir.*
B.Rüstəmbəyov