Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2026-cı illərdə borc kapital bazarı vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsini stimullaşdırmağı planlaşdırır, bu cür əməliyyatların potensialı ildə 1.5 milyard manat məbləğində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu hədəf AMB-nin təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.
AMB-nin məlumatına görə, 2023-cü ildə real sektor müəssisələri borc kapital bazarı vasitəsilə 500 milyon manat cəlb edib. Beləliklə, 2024-2026-cı illərdə bu cür əməliyyatların həcmi 3 dəfə arta bilər.
AMB hesab edir ki, 2024-2026-cı illərdə ən azı bir şirkət tərəfindən ilkin kütləvi təklif (IPO) keçirilə bilər (indiyədək Azərbaycanda IPO olmayıb – İF).
Mərkəzi Bankın planlarına əsasən, 2027-ci ilədək kapital bazarlarına investisiya etməyə sərf edilən orta vaxt 15 dəqiqəyə qədər azaldılacaq (hazırda bunun üçün 1 gün sərf olunur). Bundan başqa, 2026-cı ilin sonunda rəqəmsal vasitələrlə həyata keçirilən əməliyyatların payı minimum 70%-ə (hazırda bu göstərici 0%-dir) çatacaq.
2027-ci ilədək Azərbaycanda fərdi investorların kapital bazarlarında iştirakının təşviq edilməsi çərçivəsində 50 mindən çox fərdi depo hesabı açılacaq (hazırda bu göstərici 1000-dir).*
X.Nəsirzadə