25-26 yanvar tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının səyyar iclasları keçirilib. Bu barədə assosiasiyadan məlumat verilib.
İclaslarda iştirakçılara assosiasiyanın 2023-cü ildəki fəaliyyətinin nəticələrinə dair hesabat təqdim edilib. Qeyd olunub ki, 2023-cü ildə TBNM ilə 2,7 milyon ton yük daşınıb, 2022-ci illə müqayisədə yükdaşımaların həcmi 86% artıb. Yekun məruzədə TBNM-in coğrafiyasının genişləndirilməsi də qeyd olunur. Assosiasiyada təmsil olunan ölkələrin sayı 11-dir, şirkətlərin sayı isə 25-ə çatıb. Bundan başqa, AİB ilə aparılmış danışıqların yekunları üzrə 2024-cü ildə TBNM-in gələcək inkişaf strategiyasının işlənib hazırlanması üçün qrantın ayrılması barədə razılıq əldə olunub.
“Ümumi yığıncağın iştirakçıları “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin yeni tərkibini, eləcə də 2024-cü ildə TBNM üzrə yükdaşıma planını təsdiq ediblər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, iclaslar çərçivəsində Qazaxıstan və Türkiyənin yük sahiblərinin iştirakı ilə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu: tendensiyalar, çağırışlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndələri çıxış ediblər.
“İştirakçılar TBNM-in rəqəmsallaşdırılması üzrə aktual məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclası çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov iştirak edib.*
Xəbərlər şöbəsi