Bakı ilə Paris arasında münasibətlər hazırda ən aşağı nöqtədədir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında deyib.
“Fransa ilə münasibətlər ən aşağı nöqtədədir. Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub”, - deyə nazir bildirib.
O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır. “Azərbaycan özünə qarşı belə addımları cavabsız qoyacaq ölkə deyil”, - deyə C.Bayramov əlavə edib.
XİN rəhbəri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı yürütdüyü siyasəti qətiyyətlə pisləyib. O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti artıq öz mövqeyini bildirib.
Nazirin sözlərinə görə, AŞPA-nın Bakını hədəf alması Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır.
“(...) Yenə xatırladıram ki, 19-20 sentyabr antiterror tədbirləri müharibədən sonra 3 il ərzində edilən xəbərdarlıqların nəticəsi idi və Azərbaycan konstitusiyasına, beynəlxalq hüquqa tamamilə uyğun idi”, - deyə C.Bayramov vurğulayıb.*
X.Nəsirzadə