Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin ona yanvarın 26-da Tbilisidə işgüzar səfərdə olmuş Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanı verməməsindən təəssüfləndiyini bildirib.
“Təəssüf ki, aidiyyəti qurumlar ölkəyə planlaşdırılan yüksək səviyyəli səfərlər, görüşlər və tədbirlər barədə prezidentə məlumat vermir”, - deyə dövlət başçısı sosial şəbəkədə yazıb.
Hakim “Gürcü arzusu” partiyasının liderlərindən biri, parlament komitəsinin sədri Mixail Sarcveladze şənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyanın Gürcüstana səfəri Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində baş tutub, buna görə də hər şey müvafiq reqlament çərçivəsində olub.*