Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrail və Fələstin liderlərinə HƏMAS-la İsrail arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı plan təqdim edib. Bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
“Böyük Britaniya HƏMAS-İsrail müharibəsinə son qoymaq üçün plan təklif edir. (...) Kemeronun bu həftə regiona səfəri zamanı İsrail və Fələstin liderləri ilə müzakirə etdiyi təşəbbüs birinci mərhələdə döyüşlərdə dərhal fasilə verilməsini nəzərdə tutur. Bu fasilədən Qəzza zolağında saxlanılan girovların azad edilməsi və davamlı atəşkəslə bağlı danışıqların aparılması üçün istifadə edilməsi təklif edilir”, - deyə nəşr yazır.
5 bənddən ibarət olan plan İordan çayının Qərb sahilini və Qəzza zolağını idarə etmək üçün texnokratik Fələstin hökumətinin yaradılmasını nəzərdə tutur. Bundan başqa, HƏMAS bütün girovları azad etməli və İsrailə qarşı hücumları dayandırmağı öhdəsinə götürməli, hərəkatın liderləri Qəzza zolağını tərk etməlidir.
Nəşr qeyd edir ki, Britaniya bu planı ABŞ, Avropa və Ərəb ölkələri ilə müzakirə edib və beynəlxalq dəstəyə ümid edir.*