Qəzza üzrə beynəlxalq vasitəçilər anklavda saxlanılan girovların azad edilməsini və hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan növbəti təkliflə çıxış ediblər. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşr Misir hakimiyyətinin nümayəndələrinə istinadən bildirir ki, İsrail və HƏMAS-a təqdim olunmuş plan 4 ay müddətinə atəşkəs rejiminin tətbiq edilməsini, 6 həftəlik müddəti əhatə edən birinci mərhələdə HƏMAS tərəfindən girov götürülmüş uşaq, qadın və yaşlıların azad edilməsini, növbəti mərhələlərdə isə İsrail əsgərlərinin azadlığa buraxılmasını və meyitlərin təhvil verilməsini nəzərdə tutur.
“Plana əsasən, İsrail bunun müqabilində çoxlu sayda fələstinli məhbusu azad etməli, Qəzza zolağına böyük həcmdə humanitar yardımın çatdırılmasını təmin etməli, HƏMAS-a isə humanitar fasilə başa çatdıqdan sonra hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın əldə ediləcəyi barədə beynəlxalq zəmanət verilməlidir”, - deyə WSJ yazır.*