Azərbaycan hökuməti 2024-cü ildə informasiya texnologiyaları rabitə sektorunun artım tempini 9,5% səviyyəsində gözləyir.
"Bu temp “Abşron vadisi" innovativ klasterinin yaradılması, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi, xüsusi fondların və rəqəmsal texnologiyaların inkişafı institutlarının fəaliyyəti və telekommunikasiya sektorunun genişləndirilməsi üzrə prioritetlər də daxil olmaqla, strategiya çərçivəsində hökumətin innovativ istiqamətləndirilmiş hədəfləri nəzərə alınaraq proqnozlaşdırılır", – “İnterfaks-Azərbaycan»a hökumətdən məlumat verilib.
Hökumətin proqnozlarına görə, həmçinin yüksək sürətli mobil internet (o cümlədən, 5G texnologiyalarından istifadə etməklə) də daxil olmaqla internet xidmətlərinin genişləndirilməsi və genişzolaqlı internetlə əhatə olunmuş xidmətlərin ortamüddətli dövrdə 95%-ə (2023-cü ilin sonunda - 66%) çatdırılması planlaşdırılır.
«Bütün bunlar nəzərə alınmaqla, 2025-2027-ci illərdə Azərbaycanın telekommunikasiya sektorunun orta illik artımı 10,8% təşkil edəcək», - hökumətdən bildirilib. **
N.Abbasova