Fransanın kənd təsərrüfatı sahəsinin nümayəndələri bazar ertəsi fermerlərin həmkarlar ittifaqlarının Parisin «mühasirəsi» adlandırdığı kütləvi etiraz aksiyasına hazırlaşırlar. Bu barədə Fransa mətbuatı məlumat verir.
«Gənc fermerlər» həmkarlar ittifaqında Paris regionunun yollarında 1,5 mindən 2,5 minə qədər traktorçu gözlədiklərini bildiriblər.
Aksiya təşkilatçılarının məlumatına görə, etiraz iştirakçıları Parisdə yolları yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00-da) bağlamaq niyyətindədirlər.
Daha əvvəl Fransanın daxili işlər naziri Jerald Darmanen bəyan edib ki, «gərginliyin qarşısını almaq üçün» bazar ertəsi təxminən 15 min polis və jandarma əməkdaşı cəlb ediləcək.
Aksiya iştirakçıları tərəfindən yolların bağlanması Fransanın digər bölgələrində, xüsusilə Provans-Alp-Lazur sahili regionunda da davam edir.
Fransız fermerləri vergilərin artırılmasına və qiymətlərin artmasına, xüsusilə kənd təsərrüfatı texnikası üçün yanacağın qiymətinin artırılmasına qarşı çıxırlar, həmçinin Fransa və Aİ-də tətbiq olunan ekoloji standartlarla bağlı məhdudiyyətlərin ləğv edilməsini tələb edirlər. **