Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, Cənubi Qafqazdakı vəziyyət, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı əlaqələr müzakirə olunub.
Daha öncə Akar jurnalistlərlə söhbət zamanı qeyd edib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” kimi 44 günlük müharibədən (2020-ci ilin payızında - İF) sonra da “Tək ordu, tək yumruq və tək ürək” olaraq əməkdaşlığını inkişaf etdirir, lazımi layihələri həyata keçirir.
“Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır. Bu baxımdan biz Azərbaycanın Ermənistana etdiyi sülh təklifinin İrəvan tərəfindən qısa zamanda qəbul olunmasına və tezliklə bölgəyə sabitliyin gəlməsinə çalışırıq”, - o deyib.
Akar əlavə edib ki, bəzi ölkələr Ermənistana “proksi-dövlət” libası geyindirmək istəyirlər. “Əgər Ermənistan onların dediklərinə əməl edərsə, necə ki, 44 günlük savaşda çox ciddi zərər gördü, bundan sonra da eyni vəziyyətlə qarşılaşa bilər”, - o bildriib. **
N.Abbasova