Azərbaycan 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 9 milyard 295,2 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,4% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 685,89 milyon kubmetr qaz ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,54% azdır. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi nəcminin 15,5%-i və boru kəməri ilə nəql olunan qazın 19,2%-i Azərbaycanın payına düşüb.
Azərbaycan noyabrda Türkiyəyə qaz ixracının həcminə görə ikinci pillədə qərarlaşıb. Birinci pillədə 49,7%-lə Rusiya, üçüncü pillədə 15,4%-lə İran yer alıb. Noyabrda Türkiyəyə qaz ixracı 6 ölkədən (Azərbaycan, İran, Rusiya (boru kəmərləri ilə), ABŞ, Əlcəzair və Rusiya - LPG) həyata keçirilib.
Noyabrda Türkiyəyə 4 milyard 433,83 milyon kubmetr qaz (2022-ci ilin noyabr ayı ilə müqayisədə artım 7,54% - İF) ixrac edilib. 3 milyard 571,85 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 80,56%-i, artım 51,78%), 861,98 milyon kubmetr (bütün ixracın 19,44%-i, azalma 51,3%) isə LNG-nin payına düşüb.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%).**
N.Abbasova