Ermənistanın Azərbaycanla sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır, Bakı İrəvandan bu istiqamətdə adekvat addımlar gözləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib.
“Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır”, - Hacızadə 28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın ordu günü ilə əlaqədar çıxışı zamanı sülh sazişinin imzalanması məsələsi ilə bağlı bəyanatına cavab olaraq bildirib. .
Hacızadə qeyd edib ki, Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. “Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir. Qeyd edilənləri, habelə baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır”, - Hacızadə vurğulayıb.
Onun sözlərinə görə, bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir.
“Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir”, - o yekun vurub. **
N.Abbasova