2023-cü ildə “AzerGold” QSC tərəfindən 63,7 min unsiya qızıl hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 3% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.
“2023-cü ildə “AzerGold” QSC tərəfindən 63,7 min unsiya qızıl hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 1,7 min unsiya və ya 3%, plandan isə 2% çoxdur. Bu, “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir. 2023-cü ildə gümüş hasilatı 114,3 min unsiya olmaqla planı 6% üstələyib”, - deyə o bildirib.
Z.İbrahimovun sözlərinə görə, “AzerGold” QSC 2024-cü ildə qızıl hasilatının 70 min unsiyaya qədər (2023-cü ilin göstəricisinə nisbətən +9,9% - İF), gümüş hasilatının isə 156,8 min unsiyaya qədər (2023-cü illə müqayisədə +37,2% - İF) artacağını proqnozlaşdırır.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov