“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən bu günədək (2016-2023-cü illər) mədən layihələrinin həyata keçirilməsinə ümumilikdə 550 milyon manat investisiya yatırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.
“AzerGold” QSC fəaliyyət göstərdiyi dövr ərzində (2016-2023-cü illər - İF) mədən layihələrinin həyata keçirilməsinə ümumilikdə 550 milyon manat investisiya yatırıb ki, bunun da 8%-i və ya 45 milyon manatı dövlət büdcəsindən ayrılıb. Hazırda dövlət büdcəsi hesabına dəmir filizi layihələri həyata keçirilir”, - deyə o bildirib.
Z.İbrahimov qeyd edib ki, 2023-cü ildə “AzerGold” QSC tərəfindən 157 milyon manat investisiya yatırılıb.
İdarə Heyətinin sədri əlavə edib ki, 2023-cü ildə “AzerGold” QSC və onun törəmə müəssisələri tərəfindən dövlət büdcəsinə 38,4 milyon manat vergi ödənilib, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar isə 7,6 milyon manat təşkil edib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova